İkitərəfli münasibətlər
Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər güclü siyasi dialoq, genişlənən iqtisadi əlaqələr, energetika sahəsində əməkdaşlıq və artan müdafiə tərəfdaşlığı üzərində qurulmuş hərtərəfli strateji tərəfdaşlığa çevrilmişdir. Prezident Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan (Allah onu qorusun) və Zati-aliləri Prezident İlham Əliyev arasında tez-tez baş tutan yüksək səviyyəli təmaslar bir çox sektorlar üzrə ikitərəfli əməkdaşlığı sürətləndirmişdir.
Əsas tarixi mərhələlərdən biri 2025-ci ilin iyul ayında Əbu-Dabidə BƏƏ-Azərbaycan Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin (CEPA) imzalanması olmuşdur. Saziş ikitərəfli mal ticarətinin əksər hissəsini rüsumlardan azad etməklə yanaşı, ticarət, investisiya, rəqəmsal iqtisadiyyat, logistika, xidmətlər və təchizat zəncirinin inteqrasiyası sahəsində uzunmüddətli əməkdaşlığı institusionallaşdırmışdır. CEPA həmçinin icraya və sərmayələrin stimullaşdırılmasına nəzarət etmək üçün ixtisaslaşdırılmış komitələr və texniki şuralar təsis etmişdir.
İkitərəfli münasibətlər Hərtərəfli Strateji Tərəfdaşlığın elan edilməsi və iqtisadi, siyasi, texnoloji və təhlükəsizlik məsələləri üzrə əlaqələndirmə üçün institusional çərçivə təmin edən Hərtərəfli Strateji Tərəfdaşlıq Əməkdaşlıq Komitəsinin yaradılması ilə daha da yüksək səviyyəyə qaldırılmışdır. Komitənin Əbu-Dabidə keçirilən təsis iclası qarşılıqlı prezident səfərlərinin və strateji əlaqələndirmə mexanizmlərinin vacibliyini vurğulamışdır.
Qarşılıqlı prezident səfərləri tərəfdaşlığın müəyyənedici xüsusiyyətinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri İlham Əliyev Əbu-Dabiyə bir neçə dəfə səfər etmişdir, öz növbəsində dövlət başçısı (Allah onu qorusun) Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan aşağıda göstərildiyi kimi Azərbaycan Respublikasına 3 rəsmi prezident səfəri həyata keçirmişdir:
- 8–9 yanvar 2024-cü il: Bu, Əlahəzrətin Azərbaycan Respublikasına ilk rəsmi prezident səfəridir.
- 11–12 noyabr 2024-cü il: Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfransında (COP 29) iştirak etmək üçün Bakıya işgüzar səfər.
- 16 sentyabr 2025-ci il: Bakı, Füzuli və Şuşaya səfərləri əhatə edən rəsmi səfər.
Şeyx Məhəmməd bin Zayedin (Allah onu qorusun) Şuşa da daxil olmaqla Azərbaycana tarixi səfəri kimi qiymətləndirilən son səfəri zamanı bir çox ikitərəfli sazişlər imzalanmışdır. Bu səfərlər bərpa olunan enerji, infrastruktur, nəqliyyat dəhlizləri və regional diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirmişdir.
İqtisadi əməkdaşlıq əsasən BƏƏ şirkətlərinin Azərbaycanın bərpaolunan enerji, logistika, tikinti və infrastruktur sektorlarına yatırdığı sərmayələr vasitəsilə sürətlə genişlənmiş, Azərbaycan qurumları isə BƏƏ-də yerləşən maliyyə və ticarət mərkəzləri ilə əlaqələrini artırmışdır. Hər iki tərəf özəl sektorun tərəfdaşlığını dərinləşdirməyə və sərhədçıxaran kapital axınlarını asanlaşdırmağa yönəlmiş birgə investisiya fondunun və Birgə İşgüzar Şuranın yaradılması istiqamətində addımlar atır.
BƏƏ, həmçinin Cənubi Qafqazda mühüm diplomatik platformaya çevrilmişdir. Əbu-Dabi Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında yüksək səviyyəli görüşə ev sahibliyi etmişdir ki, bu da BƏƏ-nin Azərbaycan və Ermənistan arasında regional dialoq və normallaşma səyləri üçün neytral məkan kimi artan rolunu nümayiş etdirir.
Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da eyni şəkildə intensivləşmişdir. İki ölkə Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki hərbi təlimini keçirmişdir ki, bu da silahlı qüvvələri arasında artan hərbi qarşılıqlı fəaliyyəti və strateji əlaqələndirməni əks etdirir. Hər iki ölkənin rəhbərliyi birgə təlimlərin davam etdirilməsinin və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır.
İqtisadi Əməkdaşlıq
Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan ikitərəfli münasibətlərdə yeni səhifə açmaq, iqtisadi artımı, şaxələndirməni və strateji sektorlara sərmayələri stimullaşdırmaq məqsədilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) imzalamışdır. BƏƏ Azərbaycanda aparıcı investorlardan biri olaraq, xüsusilə bərpaolunan enerji sektorunda strateji tərəfdaş qismində çıxış edir. BƏƏ ilə Azərbaycan arasında ticarət əlaqələrini genişləndirmək, ticarət və investisiya imkanlarını artırmaq məqsədilə Birgə İşgüzar Şura yaradılmışdır ki, bu da iqtisadi əməkdaşlığın dərinləşməsini nümayiş etdirir.
Burada Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsinin 2017-ci ildən bəri fəaliyyətini xüsusi vurğılamaq lazımdır ki, bu da Azərbaycanın BƏƏ-nin bölgədəki roluna verdiyi önəmi təsdiqləyir. 2019-cu il yanvarın 15-də Dubayda Azərbaycan Ticarət Evi açılmışdır, həmçinin Dubay Ticarət və Sənaye Palatasının Bakıdakı nümayəndəliyinin fəaliyyəti BƏƏ ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında nəzərəçarpacaq dərəcədə mühüm rol oynayır.
İki ölkə hökumətləri arasında İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın doqquz iclası keçirilmişdir ki, bunların sonuncusu 2024-cü ildə Şuşada (Azərbaycan) baş tutmuşdur.
İqlim Dəyişikliyi və Ətraf Mühit üzrə Dövlət Naziri Zati-Aliləri Dr. Amna bint Abdullah Al Dahak Al Şamsinin 16–17 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasına rəsmi səfəri baş tutdu. Səfər ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və heyvandarlıq sektorunda ikitərəfli əməkdaşlığın gücləndirilməsinə yönəldilmişdir. Səfər zamanı o, bir sıra Azərbaycan rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirmişdir.
Fevralın 11-də Əbu-Dabi Əyalətinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri, Zati-aliləri Məhəmməd Əl Şorafa rəhbrlik etdiyi nümayəndə heyəti və ölkəmizin Bakıdakı səfiri, Zati-aliləri Məhəmməd Murad Əl Bəluşinin iştirakı ilə Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşmüşdür. Səfər zamanı Əbu-Dabi ilə Bakı arasında qardaşlaşmış şəhərlər münasibətlərinə dair anlaşma memorandumu imzalanmış, həmçinin bütün sahələrdə birgə iqtisadi əməkdaşlığın gücləndirilməsi yolları müzakirə olunmuşdur.
28-29 aprel 2026-cı il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Naziri Zati-aliləri Səid Əl-Həcəri ikitərəfli münasibətlərin və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə diqqət yetirərək Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
BƏƏ-Azərbaycan Strateji Tərəfdaşlıq Əməkdaşlıq Komitəsinin ikinci iclası Bakıda Dövlət Naziri Zati-Aliləri Səid Əl-Həcəri və Xarici İşlər Nazirinin müavini Zati-aliləri Yalçın Rəfiyevin həmsədrliyi ilə keçirildi. Görüşdə iki dost ölkə arasında əməkdaşlığın gedişi və hərtərəfli strateji tərəfdaşlığı dəstəkləyən birgə işin müxtəlif sahələrində əldə edilən nailiyyətlər müzakirə edildi. Həmçinin, 2025-2029-cu illər üçün Yol Xəritəsinin və prioritet layihələrin icrası izlənildi. Dövlət Naziri Zati-Aliləri Səid Əl-Həcərinin rəhbərlik etdiyi BƏƏ nümayəndə heyəti Azərbaycan tərəfi ilə iki dost ölkə arasında əməkdaşlığı gücləndirən Anlaşma Memorandumu imzaladı.
AZCON Holding və Əbu Dabi Limanlar Qrupu, Azərbaycanda limanlar, dəniz gəmiçiliyi, logistika və rəqəmsal ticarət həlləri sahələrində strateji əməkdaşlıq imkanlarını araşdırmaq üçün Anlaşma Memorandumu imzaladılar.
İyunun 1-dən 3-dək BƏƏ nümayəndə heyətinə Energetika və İnfrastruktur Nazirliyinin müavini rəhbərlik etmiş, nümayəndə heyətinə “ADNOC”, “Masdar” və “XRG” şirkətlərinin yüksək səviyyəli nümayəndələri daxil olmuşdur. Bu iştirak bütün tədbirlər boyunca tərəfdaşlar və maraqlı tərəflərlə yüksək səviyyəli ünsiyyətin gücləndirilməsini şəxsən dəstəkləyən və tədbirdə iştirak edən səfir Məhəmməd Əl Bəluşi tərəfindən əlaqələndirilmiş və dəstəklənmişdir. Tədbir çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşmüş, müzakirələr energetika sektorunda ikitərəfli əməkdaşlığın gücləndirilməsinə və strateji tərəfdaşlıq imkanlarının araşdırılmasına yönəlmişdir. Tədbir həmçinin “Abşeron” yatağından təbii qazın alqı-satqısı müqaviləsinin imzalanması ilə əlamətdar və mühüm nailiyyətə şahidlik etmişdir. Bu tədbir qlobal enerji bazarındakı inkişafları, enerji təhlükəsizliyini və davamlılıq təşəbbüslərini müzakirə etmək üçün hökumət nümayəndələrini, beynəlxalq enerji şirkətlərini, investorları və sektor liderlərini bir araya gətirən bölgənin ən mühüm energetika tədbirlərindən biri hesab olunur.
BƏƏ Azərbaycanda enerji, infrastruktur, logistika və bələdiyyə əməkdaşlığı sektorlarını əhatə edən güclü və şaxələnmiş investisiya portfelinə malikdir. Ənənəvi energetika sektorunda “ADNOC” Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağında 30% pay əldə etmişdir, “XRG” Cənubi Qaz Dəhlizinə sərmayə yatırır, “Esyasoft Holding” isə ağıllı qaz idarəetmə həllərinin tətbiqi üzrə işlər görür. Bərpaolunan enerji sektorunda “Masdar” 230 MVt gücündə “Qaradağ” günəş fotovoltaik layihəsini, 30 MVt gücündə tullantıların enerjiyə çevrilməsi stansiyasını, Bankə qəsəbəsində (Neftçala rayonu) və Biləsuvar bölgəsində günəş fotovoltaik layihələrini, eləcə də Abşeron-Qaradağ ərazisində quru külək energetikası layihəsini əhatə edən geniş portfeli ilə səylərə rəhbərlik edir. “Masdar” həmçinin 2 QVt gücündə dəniz külək və hidrogen layihələrini, 1 QVt gücündə günəş fotovoltaik layihələrini və 1 QVt gücündə quru külək energetikası layihələrini əhatə edən nəhəng birgə inkişaf təşəbbüslərinə də rəhbərlik edir.
Daha geniş iqtisadi və infrastruktur əlaqələri qarşılıqlı maraq doğuran prioritet sektorları hədəfə almaq məqsədilə “ADQ” investisiya şirkəti ilə Azərbaycan İnvestisiya Holdinqi arasında yaradılmış birgə müəssisə, həmçinin “Modon Holding” tərəfindən həyata keçirilən “Şəhər içində şəhər” layihəsi vasitəsilə daha da gücləndirilir. Bundan əlavə, “AbU-Dabi Portlar Qrupu” (“AD Ports Group”) limanlar, gəmiçilik, logistika və rəqəmsal ticarət həlləri sahələrində strateji əməkdaşlıq yollarını araşdırmaq üçün “AZCON Holding” ilə tərəfdaşlıq etmişdir, “flydubai” və “Air Arabia” şirkətlərinin təqdim etdiyi uçuş və yük xidmətləri vasitəsilə isə hava əlaqəsi qorunub saxlanılır. Bu çoxtərəfli əlaqə Əbu-Dabi və Bakı bələdiyyələri arasındakı şəhər qardaşlaşması təşəbbüvü, eləcə də Qarabağ bölgəsində minalardan təmizləmə səyləri vasitəsilə həyati əhəmiyyət daşıyan humanitar dəstək daxil olmaqla ikitərəfli əməkdaşlıqla tamamlanır.
Mədəni Əməkdaşlıq
Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikası hökumətləri arasında mədəniyyət sahəsində əməkdaşlıq sazişi 2004-cü il aprelin 25-də imzalanmışdır.
BƏƏ-də Azərbaycan Mədəniyyəti Günləri, Azərbaycanda isə BƏƏ Mədəniyyət Günləri keçirilmiş, həmçinin bir sıra azərbaycanlı rəssam və musiqiçilər Birləşmiş Ərəb Əmirliklərində keçirilən festival və tədbirlərdə müntəzəm olaraq iştirak etmişlər.
Birləşmiş Ərəb Əmirlikləri hər il Bakının ev sahibliyi etdiyi mədəniyyətlərarası dialoqa dair qlobal “Bakı Prosesi” forumunda, eləcə də Beynəlxalq Humanitar Forumda təmsil olunur.
Mədəniyyət naziri Şeyx Səlim bin Xalid Əl Qasımi 2024-cü il mayın 1-də Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq üzrə VI Qlobal Forumda iştirak edən nümayəndə heyətinə rəhbərlik etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İSESKO-nun Baş direktorunun iştirakı ilə Şuşa şəhərində mədəniyyət gününün tədbirləri açılmışdır. Tədbirdə müxtəlif ölkələrdən gələn incəsənət kollektivləri, o cümlədən BƏƏ-nin “Əl Məzyud” ansamblı iştirak etmişdir.
2025-ci il dekabrın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Müstəqillik Günü münasibətilə Əbu-Dabidəki Şeyx Zayed Festivalında möhtəşəm “İttifaq Yürüşü” təşkil olunmuşdur. Tədbirdə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, yüksək vəzifəli şəxslər və ərəb tayfalarının nümayəndələri iştirak etmişlər.
Əfsanəvi “Qarabağ” atlarında çaparaq çıxış edən Dövlət Sərhəd Xidmətinin süvari bölməsini özündə birləşdirən Azərbaycan nümayəndə heyəti “Azərbaycan – Odlar Yurdu” adlı xüsusi şou təqdim etmişdir. Süvarilərin yüksək peşəkarlığı ilə yanaşı, şoudaənənəvi Azərbaycan musiqisi və milli rəqsləri nümayiş etdirilmişdir ki, bu da tamaşaçıların böyük rəğbətinə səbəb olmuş və gurultulu alqışlarla qarşılanmışdır.
4 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il üçün yeddinci dəfə təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülmüşdür. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Prezident İlham Əliyevi təbrik etmiş və BƏƏ-nin qlobal miqyasda insan qardaşlığının təşviqinə sarsılmaz sadiqliyini vurğulayaraq, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın humanitar fəaliyyət liderlərini, sülhməramlıları, xalqlar arasında birgəyaşayış və həmrəyliyi təşviq edən təşəbbüsləri ehtiramla qeyd etdiyini bildirmişdir.
13 mart 2026-cı il: Azərbaycan tərəfi ilə sosial əlaqələrin və diplomatik ünsiyyətin gücləndirilməsi çərçivəsində Səfirlik "İftarda qardaşlıq mühiti" şüarı altında Ramazan iftar mədəni tədbiri təşkil etmişdir. Tədbirə Azərbaycan Respublikasının dövlət və özəl sektorunun yüksək səviyyəli rəsmiləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən BƏƏ şirkətlərinin rəhbər şəxsləri dəvət olunmuşdur. Bu tədbir Azərbaycandakı yüksək səviyyəli rəsmilərlə sosial əlaqələrin möhkəmlənməsinə töhfə vermiş, tərəflər arasında müxtəlif sahələrdə birgə əməkdaşlıq imkanları barədə dialoq üçün imkanlar yaratmış, həmçinin iştirakçılarla birbaşa sosial qarşılıqlı əlaqə vasitəsilə "yumşaq diplomatiya" konsepsiyasının dəstəklənməsində mühüm rol oynamışdır.
16 iyun 2026-cı il: Səfirlik Azərbaycan Dillər Universiteti və Bakıdakı Şeyx Zayed Ərəb Dili Tədrisi Mərkəzi ilə əməkdaşlıq, həmçinin BƏƏ-nin Tolerantlıq və Birgəyaşayış Nazirliyinin fəal iştirakı ilə "BƏƏ tolerantlığı: sarsılmaz irs və davamlı vizyon" şüarı altında mədəni tədbir təşkil etmişdir. Bu tədbir iki dost ölkə arasında mədəni və akademik əməkdaşlıq sahəsində ikitərəfli əlaqələrin canlandırılmasında mühüm rol oynamış və tərəflər arasında birgə əməkdaşlıq üçün yeni üfüqlər açmışdır.
BƏƏ Turizmi
